İctimaiyyətə açıq məlumatlardan tərtib edilən bu hesabat əks-kosmos silahları, peyk əleyhinə sistemlər, AR-GE, Radioelektron Mübarizə (REM) və kosmosda situasiya məlumatlılığı kimi aktual problemləri həll etməklə, sektorun 12 aparıcı ölkəsinin məlumatlarını araşdırır.
2024-cü ilin fevral ayına qədər olan hadisələri özündə əks etdirən bu hesabatda ölkələrin hazırkı və yaxın gələcək imkanları, eləcə də hərbi istifadə sahələri dəyərləndirilir. Bu ölkələrə ABŞ, Rusiya, Çin, Hindistan, Avstraliya, Fransa, Yaponiya, İran, İsrail, Şimali Koreya, Cənubi Koreya və Böyük Britaniya daxildir.

Araşdırma üç əsas bölmə çərçivəsində qiymətləndirilir. Birinci bölmədə dağıdıcı ASAT (destructive anti-satellite weapons) sınaqları keçirən ABŞ, Rusiya, Çin və Hindistan ölkələri və dağıdıcı ASAT sınaqlarının yaratdığı kosmik tullantılardan bəhs edilir. İkinci bölmədə əks-kosmos texnologiyalarını inkişaf etdirən ölkələr sırasına Avstraliya, Fransa, İran, İsrail, Yaponiya, Şimali Koreya, Cənubi Koreya və Böyük Britaniya daxildir. Son bölmədə əks-kosmos kiber imkanları məsələsi müzakirə olunur. Bu məsələlər arasında diqqətəlayiq inkişaflar isə aşağıdakı kimidir:
ABŞ, Rusiya, Çin və Hindistanın ASAT sınaqlarından əldə edilən orbital zibillər ilə bağlı yeniləmə
Kosmosda ASAT sınaqları keçirən dörd ölkəyə ABŞ, Rusiya, Çin və Hindistan daxildir. Bu sınaqların məqsədi kosmik zibilləri və istismar müddətini başa vurmuş vasitələri orbitdən çıxarmaqdır. Orbitdəki zibillərin bir hissəsi ASAT sınaqları ilə təmizlənsə də, onun əhəmiyyətli bir hissəsi hələ də orbitdə qalır. Orbitdəki zibilin miqdarına toqquşma sürəti, hündürlük, kütlə və zibilin quruluşu təsir edir. Bu kontekstdə nisbətən kiçik orbital dağıntılar kosmik gəmilər üçün əlavə təhlükələr yaradır. Aşağıdakı cədvəldə məlum ASAT sınaqları, izlənilən zibillər və orbitdə qalan hissələr təfərrüatlı şəkildə göstərilir.
ABŞ-nin X-37B və Çinin “Shenlong” kosmik təyyarələrinin hazırkı missiyaları, imkanları və kosmik təyyarələrin silah kimi istifadəsi ilə bağlı təhdidlər
ABŞ istehsalı olan X-37B-nin hazırkı missiyası ilə bağlı müxtəlif fərziyyələr var. X-37B-nin orbital bombardmançı təyyarə kimi istifadə edildiyini iddia edənlər olsa da, onun gizli peyk yerləşdirmə əməliyyatlarında iştirak etdiyini iddia edənlər də var. Orbital məlumatları və kosmik gəmi ilə oxşarlığı ilə o, bombardmançı təyyarə deyil, uzaqdan zondlama missiyaları və faydalı yük sınaqlarını göstərir. Son yüksək hündürlük missiyaları sensor sınaqlarının aparıldığını göstərir. Bu kontekstdə gizli peyk yerləşdirmə fəaliyyətləri ABŞ-nin kəşfiyyat və ya hücum imkanlarına işarə edərək, başqa suallar doğurur.

Kosmik zibilləri aşkar etmək üçün Çin 2020, 2022 və 2023-cü illərdə 3 gizli “Shenlong” kosmik təyyarəsini buraxdı. 2020-ci ildə buraxılan kosmik təyyarənin missiyası tam məlum deyil. Bununla belə, kosmik təyyarənin yaydığı siqnalları nəzərə alsaq, o, 2008-ci ildə “Shenzhou 7” missiyası zamanı orbitə buraxılan kiçik bir köməkçi peyk ilə müqayisə edilir.
İkinci göndərilən “Shenlong” kosmik təyyarəsi müxtəlif kosmik zibilləri aşkar etdi. Bu obyektlərin bəziləri Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeydiyyata alınıb. “Shenlong” kosmik təyyarələri 331 km və 50.2° olan meylli orbitini müvafiq olaraq 593 km və 49.99° meylli orbitə, sonra isə 601 km-ə qədər artırdı. 2024-cü ilin fevral ayının məlumatlarına görə, “Shenlong” kosmik təyyarəsi hələ də orbitə peyk çıxarmayıb.
ABŞ-nin əks-kosmos əməliyyatları üçün yeni doktrinasının xülasəsi və yenilənmiş Vahid İdarəetmə Planının elementləri
ABŞ-nin kosmos əməliyyatları üzrə hərbi doktrinasına edilən son yeniləmələr hücum və müdafiə imkanlarına üstünlük verir. 2023-cü ilin avqustunda düzəliş edilən “3-14 JP” başlıqlı bəyannamədə ABŞ-nin kosmosda üstünlük əldə etməkdənsə, düşmənin kosmos imkanlarını sıxışdırmağa fokuslandığı bildirilir. Bu kontekstdə USSF (United States Space Force) tərəfindən 2023-cü ilin iyul ayında nəşr olunan 3-0 Kosmos Doktrinası Nəşrində hücum əməliyyatları düşmənlərə xərclər qoymaq, müdafiə əməliyyatları isə dost qüvvələrin hərəkət azadlığını qorumaq kimi müəyyən edilir.
Vahid İdarəetmə Planının son versiyası (UCP 2022) 2023-cü ilin aprelində ABŞ-nin prezidenti Co Bayden tərəfindən imzalanıb. Plana əsasən, NRO və USSPACECOM arasında əməkdaşlıq hərbi və kəşfiyyat peyklərini qorumaq üçün müdafiə əməliyyatlarını sinxronlaşdırmaq məqsədi daşıyır. Bu çərçivədə raketdən müdafiə vəzifələri USSTRATCOM-dan USSPACECOM-a verildi. Beləliklə, raket xəbərdarlığı, raketdən müdafiə və kosmik situasiya haqqında məlumatlandırma USSPACECOM-un səlahiyyətləri altında birləşdirilib.
DARC dərin kosmik radar proqramında ABŞ, Avstraliya və Böyük Britaniyanın tərəfdaşlığı ilə bağlı inkişaflar
Dərin Kosmos Qaabqcıl Radar Bacarığı (DARC) Proqramı 2022-ci ilin fevralında ABŞ-nin “Northrop Grumman” şirkətinə 3 yeni radar istehsal etməsini tapşırması ilə başladı. 2023-cü ilin dekabrında ABŞ Avstraliya və Böyük Britaniyanın DARC Proqramına rəsmi olaraq qoşulduğunu elan etdi. Bu proqram çərçivəsində Avstraliya ilk dəfə olaraq əməliyyat obyektinə ev sahibliyi edəcək.
DARC dərin kosmosdakı obyektləri aşkar etmək, izləmək və müəyyən etmək üçün yeni bir radar dəsti hazırlama proqramıdır. Proqrama üç müxtəlif coğrafi əraziyə yayılmış obyektlər daxildir. Hər biri bir-biri ilə inteqrasiya olunmuş çoxsaylı ötürücü və qəbuledici radarları ehtiva edən bu obyektlər kosmosun dərinliklərindəki obyektləri effektiv şəkildə izləməyi hədəfləyir.
Potensial DA-ASAT imkanlarına (“Arrow-3” orta sahə raketdən müdafiə sisteminə əsaslanaraq) və Qəzzadakı müharibə zamanı REM-dən geniş istifadəyə diqqət yetirərək, siyahıya İsrail əlavə edildi
İsrailin hal-hazırda DA-ASAT (direct-ascent ASAT) silahını sınaqdan keçirmiş və ya rəsmi DA-ASAT inkişaf etdirmə proqramı yoxdur. Ancaq İsrailin ballistik raketdən müdafiə sistemi, xüsusən də ABŞ Raketdən Müdafiə Agentliyi ilə birgə hazırlanmış “Arrow-3” mümkün DA-ASAT qabiliyyətini təklif edə bilər.
Bu kontekstdə 2009-cu ildə İsrail Kosmik Agentliyinin ozamankı rəhbəri İtjik Ben-İsraelin “Kosmosdan gələn təhlükəyə gəldikdə, məntiqi cavab “Arrow” yüksək səviyyəli raketdən müdafiə sistemi olacaq” bəyanatı bu vəziyyəti dəstəkləyir. “Arrow-3” ballistik raketinin DA-ASAT imkanları bilinməsə də, 2023-cü ilin noyabrında husilərin nəzarətində olan Yəmən bölgəsindən atılan uzun mənzilli raketin qarşısını almaq üçün istifadə edildiyi paylaşılıb.
Hadisənin baş verdiyi hündürlük dəqiq bildirilməyib, lakin 100 km olan kosmos sərhədindən yuxarı olduğu iddia edilib. “Arrow-3” nəzəri olaraq 1200 km-ə qədər hədəfləri vura biləcək mənzil məlumatına malik olsa da, onun bu məsafədəki obyektləri izləmək və hədəfə almaq qabiliyyəti hələ sübut olunmayıb.
Fransanın FLAMHE proqramına lazer silahlı peykləri GEO orbitinə yerləşdirmə və BLOOMLASE Proqramına yerüstü lazer göz qamaşdırıcıları inkişaf etdirmə planları ilə bağlı təfərrüatlar
2019-cu ilin iyulunda Fransanın ozamankı müdafiə naziri Florens Parli peyk sistemlərini potensial hücumlardan qorumaq üçün lazer texnologiyasından istifadə etməyi təklif etdi. Təklifə uyğun olaraq, Fransanın peyk parkını qorumaq məqsədilə lazer texnologiyasının peykə yerləşdirilməsi və ondan düşmən peyklərini “kor” edərək zərərsizləşdirmək üçün istifadə edilməsi, bununla da peyk müdafiə mexanizminin yaradılması planlaşdırılır.
Fransanın bu istiqamətdə hərəkət etməsi üçün FLAMHE adlı proqram hazırlanıb. Bu proqram peyk əsaslı lazer texnologiyasının inkişafına diqqət yetirir. BLOOMLASE adlı yer əsaslı lazer layihəsi də var. Bu layihələrin məqsədi həm peyk, həm də yer əsaslı lazer sistemlərindən inteqrasiya olunmuş şəkildə istifadə edərək, hərtərəfli müdafiə şəbəkəsi yaratmaqdır.
2023-cü ilin aprel ayında Fransa Hərbi Proqramlaşdırma Qanunu (2024-2030) çərçivəsində verilən açıqlamalarda FLAMHE və BLOOMLASE Proqramlarının təfərrüatları çatdırıldı. Bu çərçivədə layihələrin ilk nəticələrinin 2025-ci ildə ortaya çıxacağı və 2030-cu ilə qədər fəaliyyətə başlayacağı paylaşıldı. Bundan əlavə, Fransanın LEO orbitindəki “Spot” məsafədən zondlama peyklərinə qarşı yer əsaslı lazerlərin effektivliyini sınaqdan keçirdiyinə dair məlumata da yer verilib.

“Qlobal Əks-Kosmos Qabiliyyətləri Hesabatı”nda yuxarıdakı başlıqlara əlavə olaraq bu inkişaflara da yer verilib: Yaxın Şərq və Şərqi Baltik bölgələrində həyata keçirilən GPS qarışdırma hallarının ciddi şəkildə artması, Rusiyanın kəşfiyyat məqsədləri üçün orbitə buraxılan ikinci peyki, Çinin kosmik zibil yaratmayan DA-ASAT sınağı və aktiv peyklərə əməliyyat hücumları üçün “hack-a-thon” yarışmaları.
Ölkələrin milli təhlükəsizliyini təmin etmək üçün kosmosdan asılılıq sürətlənməkdə davam edir. Bir çox təşkilatlar mövcud kosmik sistemləri məhv etmək üçün yeni texnologiyalar axtarırlar. Hökumətlər artıq kosmosda baş verə biləcək mümkün döyüş vəziyyətlərinə qarşı əks-kosmos siyasətləri hazırlamağa başlayıblar. Bu tendensiya həm də kosmosun tərifinin dinc məkandan çox potensial müharibə mühitinə çevrildiyini sübut edir.
Kosmosda baş verən hər hansı münaqişəli vəziyyət rabitə, GPS və hava hadisələri başda olmaqla, müxtəlif sahələrdə yerin strukturunun pozulmasına və daimi atmosfer zədələnmələrinə səbəb olacaq. Bundan əlavə, mümkün münaqişə vəziyyətləri orbitə zibil gətirəcək. Bu kontekstdə kosmik fəaliyyətlərin fasiləsiz davamlılığını təmin etmək və kosmosda baş verə biləcək riskləri minimuma endirmək üçün beynəlxalq əməkdaşlıq tələb olunur.
Dəyanət Ağalarlı
Ordu.az